10:23 - 28.01.2022
28 yanvar, Fineko/abc.az. Dövlət Mülki Aviasiya Agentliyi Qarabağda tikilməkdə olan Zəngilan Beynəlxalq Hava Limanına kod təyin edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müsbət rəy alıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, hava limanına ICAO-nun dördhərfli “UBBZ” kodu təyin olunub.
Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov İCAO-nun Qarabağın işğaldan azad olmuş daha bir şəhərinin etibarlı tərəfdaş olaraq tanımasını əhəmiyyətli hadisə kimi dəyərləndirib: “Zəngilan Beynəlxalq Hava Limanının beynəlxalq yer indeksləri kataloquna daxil etməsi hər birimizdə iftixar hissi yaradır. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanlarının bazasında yeni aviasiya qovşağı yaradılır. Qısa bir müddət ərzində Zəngilan Hava Limanı bölgənin nəqliyyat-tranzit kommunikasiya mərkəzlərindən birinə çevriləcək’’.