“Azərsu”-nun əməkdaşları təhdid və fiziki təzyiqlərə məruz qalır

16:39 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. Abonentlərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də bəzi abonentlər hələ də göstərilən xidmətlərə görə  ödəniş etmək  istəmir, bu azmış  kimi xidməti vəzifələrini yerinə yetirən “Azərsu” ASC-nin əməkdaşlarına qarşı kobud rəftar edir, təhdid və fiziki təzyiqlərə məruz qoyurlar. 

ABC.AZ xəbər verir ki, Ağdam və Füzuli rayonlarında “Azərsu” ASC-nin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən təhqir və fiziki təzyiqlə üzləşiblər. 

Qeyd olunur ki, Ağdam rayonu Quzanlı qəsəbəsində Zaur Quliyevin 340 manat, Zamin Quliyevin 488 manat 45 qəpik, İlqar Quliyevin 351 manat borcu, Qaytaran Quliyevin adına olan abonent kodu üzrə isə 415 manat 90 qəpik debitor borc yaranıb. Ağdam Sukanal Sahəsinin mühəndisi Etiqad Səmədli borc ödənilməyəcəyi təqdirdə suyun kəsiləcəyi ilə bağlı sonuncu dəfə bildiriş təqdim edərkən həmin abonentlər tərəfindən fiziki təzyiqlərə məruz qalıb.

Füzuli rayonunun Horadiz şəhərində isə yerli sukanal idarəsinin əməkdaşı Nəbi Abbasov xidməti vəzifəsini yerinə yetirərkən abonent Cavid Xalyəddinovun ağır təhqirlərinə məruz qalıb. Horadiz şəhər sakini C.Xalyəddinov 303 manat borcunu ödəməkdən imtina edib və onunla aparılan maarifləndirici söhbət  xoşagəlməz sonluqla nəticələnib.

Hər iki faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

“Azərsu” ASC abonentlərin diqqətinə çatdırır ki, yaranmış debitor borcların hissəli ödəniçinə də şəarait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu hissə-hissə ödəyə bilər.