Azərbaycanda kənd təsərrüfatında yenilik - Özəl baytarlığa keçidə başlandı

14:53 - 31.08.2021


31 avgust, Fineko/abc.az. Bu gündən Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir. Bununla əlaqədar Bakıda “Özəl baytarlıq: Fermerlərə təkmil, rəqabətli və keyfiyyətli xidmət” mövzusunda konfrans keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, aqrar sahədə xidmətləri fermerlər üçün daha əlçatan etmək, rəqabət mühitində göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə davamlı islahatlar aparılır.

Özəl baytarlıq xidmətinin tətbiqi bunun bariz nümunəsi sayıla bilər.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə bildirib ki, özəl baytarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə reyestrdən çıxarışlar təqdim ediləcək.