32 rayonda 51 aqropark yaradılır - Nazirlikdən açıqlama

17:06 - 24.08.2021


24 avgust, Fineko/abc.az. Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, digəri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. İndiyədək 23 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 milyon manat güzəştli kredit, 27 aqroparka isə 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verilib.

İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəştlər əldə ediblər.

Bu günədək aqroparklara 1,2 milyard manat özəl investisiya qoyulub.