Nazirlik sahibkarlıq subyektlərində yoxlama aparacaq – Monitorinq qrupu yaradılıb

14:47 - 21.05.2020


21 may, Fineko/abc.az. Fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində Bakı şəhəri üzrə 12, iqtisadi rayonlar üzrə 8, sənaye müəssisələri üzrə 2 olmaqla 22 monitorinq qrupu yaradılıb.

Bu barədə ABC.AZ-a Nazirlikdən məlumat verilib.

Məlumatda bildirilib ki, sahibkarlıq subyüktləri sanitar-epidemioloji tələblərə tam riayət etməli, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmalı, iş və xidmət sahələri qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin edilməlidir.

İş və xidmət sahələri üzrə spesifik xüsusiyyətlər nəzərə alınmaqla profilaktik tədbirlər görülməli, mütəmadi olaraq təmizlik-dezinfeksiya işləri aparılmalı, sosial məsafə saxlanılmalı, qoruyucu vasitələrdən istifadə edilməli, işçi heyət gigiyenik tələblərə əməl etməlidir.

Müəllif: Elmir Murad