Azərsu ASC-də qanvermə aksiyası keçirilib

16:53 - 4.05.2020


4 may, Fineko/abc.az.  “Azərsu” ASC-nin  kollektivi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədilə qanvermə aksiyası keçirib. 

ABC.AZ “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən müayinə nəticəsində sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirilib.

Donorlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırıblar. Xüsusilə sosial izolyasiya tədbirlərinin tətbiq olunduğu dövrdə belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğu vurğulanıb. 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı, hemofiliyalı və digər irsi qan xəstələrinin  müalicəsində istifadə olunacaq. 

Qeyd edək ki, irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü humanitar aksiyanın “Azərsu” ASC-də keçirilməsi artıq ənənə halını alıb. Prezidentin Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində  hər il “Azərsu” ASC-də qanvermə aksiyaları keçirilir. Bu tədbirlər ölkəmizdə qan bankının yaradılması, irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.