Pirallahıda sahibkarlara 2,6 mln. manat güzəştli kredit verilib

16:30 - 24.09.2019


24 sentyabr, Fineko/abc.az. Sentyabrın 24-də Pirallahı rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu işgüzar forum keçirib.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl sektorun, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb.

Nazir müavini sahibkarlar və Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın daha da genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, startapların dəstəklənməsi üçün fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib.

Tədbir zamanı Bakının qəsəbə və kəndlərində fəaliyyət göstərən sahibkarlara 2,6 milyon manat güzəştli kredit verilib.