Məqsədli büdcə fondları ləğv edilir

14:49 - 6.11.2026


6 noyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, dövlət maliyyəsinin idarə edilməsində yeni mexanizm tətbiq olunacaq və büdcə zərfində məqsədli büdcə fondlarının ləğvi nəzərdə tutulur.

O qeyd edib ki, mövcud təcrübənin təhlili bəzi fondların vəsaitlərinin dövlət büdcəsi ilə paralel idarə olunmasının fiskal planlaşdırma, resursların bölgüsü, xəzinə icrası, hesabatlılıq və maliyyə nəzarəti baxımından çətinliklər yaratdığını göstərir. Xüsusilə infrastruktur və investisiya tədbirlərini maliyyələşdirən bəzi fondların ümumi büdcədən kənar idarə edilməsi dövlət maliyyəsinin vahidlik və tamlıq prinsiplərini məhdudlaşdırır, resursların prioritetlər üzrə sistemli bölgüsünü çətinləşdirir və vəsaitlərin istifadəsinə nəzarəti zəiflədir.

Aparat rəhbərinin müavini Prezidentin iki ay əvvəl imzaladığı müvafiq Fərmanla bu fondların ləğv edilməsinin tapşırıldığını xatırladıb. Layihənin qəbulu nəticəsində məqsədli büdcə fondlarının vəsaitlərinin idarə olunması mexanizmləri təkmilləşdiriləcək, onların iqtisadi mahiyyətinə və funksional təyinatına uyğun səmərəli idarəetmə modeli tətbiq ediləcək.

Bununla yanaşı, vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət gücləndiriləcək, maliyyə axınlarının büdcədə cəmləşdirilməsi hesabına fiskal planlaşdırmanın keyfiyyəti artırılacaq və büdcə ilə büdcədənkənar vəsaitlər arasında funksional bölgü daha dəqiq müəyyənləşdiriləcək.