Nəqliyyat və anbar sahəsində 9 ayda 12 milyard 816,6 milyon manatlıq xidmət göstərilib

14:21 - 13.10.2026


13 oktyabr, Fineko/abc.az.  Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 12 milyard 816,6 milyon manat məbləğində çox xidmət göstərilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 % çoxdur.

Xidmətlərin 7 milyard 652,2 milyon manatı (59,7 %-i) yük daşınması, 3 milyard 495,5 milyon manatı (27,3 %-i) sərnişin daşınması, 1 milyard 668,9 milyon manatı (13 %-i) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşür.

Nəqliyyat sektorunda 183,1 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox yük daşınıb. Yüklərin 63,5 %-i avtomobil, 25,1 %-i boru kəməri, 7,6 %-i dəmir yolu, 3,6 %-i dəniz, 0,2 %-i hava nəqliyyatı ilə daşınıb.

Daşınmış sərnişinlərin sayı 1 milyard 771,3 milyon nəfər və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % çox olub. Sərnişinlərin 90,5 %-i avtomobil nəqliyyatı, 8,8 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.