Avropanın qaz anbarlarında rekord kəsir: Qış mövsümü öncəsi kəskin qiymət riski

10:38 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Avropada yeraltı təbii qaz anbarlarının doluluq səviyyəsi Rusiyadan boru qazı tədarükünün dayanması və  LNG bazarında təklifin daralması səbəbindən rekord aşağı həddə geriləyib.

Hazırda Aİ anbarlarının doluluq dərəcəsi mövsümi norma olan 87% əvəzinə 71% (Almaniyada cəmi 57%) təşkil edir.

Yay və qış qiymətləri arasındakı marjanın azalması özəl şirkətlər üçün qazı anbarlarda saxlamağı əlverişsiz edir, bu da dövlətləri strateji ehtiyatların idarə olunmasına müdaxilə etməyə sövq edir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Aİ-nin 9 ölkəsində ümumi həcmi 12 milyard kubmetr olan strateji rezervlər mövcuddur. Anbarların kifayət qədər dolmaması sərt keçəcək qış mövsümündə Aİ-nin daha baha qiymətə LNG almasına və nəticədə inflyasiya təzyiqinin artmasına gətirib çıxara bilər.