Hakan Fidan: Türkiyə və Azərbaycan 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün var gücü ilə çalışır

15:26 - 15.09.2026


15 Sentyabr, Fineko/abc.az. Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasındakı iqtisadi və strateji əməkdaşlığın prioritetlərini açıqlayıb.

Nazir bildirib ki, dövlət başçıları tərəfindən qarşıya qoyulan 15 milyard ABŞ dolları (25.5 milyard AZN) həcmində ticarət dövriyyəsi hədəfinə ən qısa zamanda çatmaq üçün bütün aidiyyəti qurumlar, peşə təşkilatları və ticarət palataları var gücü ilə fəaliyyətini davam etdirir.

Hakan Fidan energetika, nəqliyyat və loqistika sahələrindəki tərəfdaşlığın ikitərəfli münasibətlərin strateji sütununu təşkil etdiyini və bu istiqamətdə çoxsaylı birgə layihələrin icra olunduğunu vurğulayıb.

Türkiyə xarici işlər idarəsinin rəhbəri xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin regional nəqliyyat infrastrukturundakı rolu məsələsinə toxunaraq, bu marşrutu Orta Dəhlizin ən mühüm və strateji tərkib hissələrindən biri hesab etdiklərini diqqətə çatdırıb.