Əhalinin mebel və elektrik malları xərcləri 2,1 milyard manatı ötdü – Statistika

11:07 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 155.5 milyon manatlıq ($1 milyard 267.9 milyon) elektrik malları və mebellər satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% çoxdur. Hesabat dövründə alıcıların son istehlak xərclərinin 4.9%-i bu məhsulların payına düşüb.

Ümumilikdə, 8 ay ərzində ölkənin pərakəndə ticarət dövriyyəsi 44.3 milyard manat ($26.05 milyard) təşkil edib. Bu məbləğin 24.1 milyard manatı ($14.17 milyard) ərzaq, içkilər və tütün məmulatlarının, 20.2 milyard manatı ($11.88 milyard) isə qeyri-ərzaq mallarının payına düşüb. Ümumi ticarət dövriyyəsi real ifadədə 3.9%, o cümlədən qeyri-ərzaq sektoru üzrə 6.9% artıb.