Azərbaycanda bərpa olunan enerji avadanlıqları istehsal olunacaq?

10:04 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az. Türkiyə şirkətləri Azərbaycanda bərpa olunan enerji avadanlıqlarının istehsalının təşkilində maraqlıdırlar.

ABC.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 31-də Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində (BOEMDA) Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının üzvləri ilə görüş keçirilib. Görüşdə İş Şurasının sədri Selçuk Akatla yanaşı, Türkiyənin neft, tikinti, bank, reklam, enerji və digər özəl sektorlarını təmsil edən şirkətlərin nümayəndələri iştirak edib.

Görüşdə çıxış edən İş Şurasının sədri Selçuk Akat son illərdə Azərbaycanın enerji sektorunda yaşıl enerjinin inkişafına xüsusi önəm verildiyini qeyd edib, bu istiqamətdə COP29 çərçivəsində irəli sürülmüş təşəbbüslərə, eləcə də dövlət proqramlarında və ərazi inkişaf proqramlarında öz əksini tapan fəaliyyət istiqamətlərinə diqqət çəkib. O, Türkiyə şirkətlərinin bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik olduğunu bildirərək, Azərbaycanla bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

BOEMDA-nın direktoru Cavid Abdullayev yaşıl enerji sektoruna göstərilən marağa görə təşəkkürünü bildirib, Azərbaycanda bərpa olunan enerji sahəsində görülmüş işlər, həyata keçirilmiş layihələr, artıq istismarda olan və hazırda tikintisi davam etdirilən elektrik stansiyaları, eləcə də gələcək inkişaf planları barədə ətraflı məlumat verib.

Cavid Abdullayev qeyd edib ki, bir sıra bərpa olunan enerji layihələrinin, xüsusilə Qarabağ və Naxçıvan iqtisadi rayonlarında həyata keçirilən layihələrin icrasında Türkiyə şirkətləri uğurla iştirak edirlər. O həmçinin Naxçıvanda inşa edilən günəş elektrik stansiyalarında istifadə olunan fotovoltaik panellərin də Türkiyədən tədarük edildiyini diqqətə çatdırıb.