Vaşinqton Kanadadan Çin mallarına rüsumları artırmağı tələb edib

13:00 - 30.08.2026


30 avqust, Fineko/abc.az. ABŞ Prezidenti Donald Trampın administrasiyası Çin istehsalı olan malların Kanada üzərindən ABŞ-a tranzitinin (dolayı idxalının) qarşısını almaq üçün Ottavadan bu məhsullara tətbiq edilən gömrük rüsumlarını artırmağı tələb edib.

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib. Onun sözlərinə görə, analoji tələb Meksikaya da təqdim edilib və Mexikoda bu şərt qəbul olunub.

Xatırladaq ki, bir qədər əvvəl Kanada ABŞ-ın təklif etdiyi ticarət sazişindən imtina edib. Bundan sonra Vaşinqton Kanada idxalının müəyyən kateqoriyalarına 50%-lik rüsumlar tətbiq edib, Ottava isə danışıqları dayandıraraq cavab tədbirləri görəcəyini bəyan edib. Bundan əlavə, Tramp 1 yanvar 2027-ci ildən etibarən Kanada avtomobillərinə, ehtiyat hissələrinə və poladına 50%-lik rüsum tətbiq etməyi planlaşdırır.