Tether sanksiya təzyiqi fonunda TRON şəbəkəsində bloklamaları gücləndirib

12:18 - 22.06.2026


22 iyun, Fineko/abc.az. 2026-cı ilin ilk altı ayında stabilkoin emitenti Tether TRON şəbəkəsində 1,49 milyard dolları bloklayıb. Bu, 2024–2025-ci illərin ümumi həcmindən daha çoxdur.

ABC.AZ xəbər verir ki, bloklamaların artması ABŞ, Böyük Britaniya və Avropa İttifaqında tənzimləyici tələblərin yenilənməsi ilə əlaqələndirilir. Analitiklərin məlumatına görə, Tether artıq yalnız aşkar edilmiş saxtakarlıq hallarına reaksiya vermir, həm də ünvanların preventiv (qabaqlayıcı) dondurulmasına keçib.

Nümunə kimi ABŞ-ın OFAC tənzimləyici qurumu ilə birgə həyata keçirilən əməliyyat göstərilir. 23 apreldə İran Mərkəzi Bankı və sanksiyalardan yayınma ilə əlaqələndirilən iki ünvan üzrə 344 milyon dollar dondurulub.

Həmçinin bloklamaların strukturu dəyişib: dondurulan ünvanların sayı azalıb, lakin hər birindəki vəsaitin orta həcmi təxminən dörd dəfə artıb ki, bu da diqqətin iri maliyyə mərkəzlərinə yönəldiyini göstərir. Dondurulan bütün vəsaitlərin təxminən 98%-i TRON şəbəkəsinin payına düşür, burada USDT dövriyyəsinin əsas hissəsi cəmləşib.