Azərbaycanın rəqəmsal bankçılıqda yeni mərhələ hədəflənir - Zakir Nuriyev

11:48 - 9.06.2026


9 iyun, Fineko/abc.az. Azərbaycanın rəqəmsal bankçılıq və maliyyə inteqrasiyasında yeni mərhələ hədəflənir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

O gələcək üçün qarşıda duran mühüm çağırışları açıqlayıb:

"Bu çağırışlar, ilk növbədə, islahatların davamlılığının təmin edilməsi, rəqəmsal banklar haqqında qanunun qəbul olunması və regionda maliyyə-bank sistemi üzrə inteqrasiya əlaqələrinin daha da genişləndirilməsini əhatə edir. Bu istiqamətdə atılacaq addımlar bank-müştəri münasibətlərinin tam rəqəmsal müstəviyə keçidinə və ölkənin innovasiya habı kimi formalaşmasına mühüm töhfə verəcək. Həyata keçiriləcək islahatlar çərçivəsində innovasiyaların tətbiqinin təşviqi və əsas istiqamətlərin müəyyənləşdirilməsində mühüm rol oynayacaq bir innovasiya mərkəzinin yaradılması da vacibdir. Qeyd edək ki, bu mərkəzin Mərkəzi Bank nəzdində formalaşdırılması daha səmərəli ola bilər".