Azərbaycan Serbiyada qaz turbin elektrik stansiyası tikəcək - Prezident sazişi təsdiqlədi

17:18 - 25.05.2026


25 may, Fineko/abc.az. Azərbaycan və Serbiya hökumətləri arasında Serbiyada qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş təsdiq edilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb. Sözügedən saziş bu il fevralın 15-də Belqrad şəhərində imzalanıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycanın Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Hökumətinə bildiriş göndərəcək.