17:05 - 21.05.2026
21 may, Fineko/abc.az. ABŞ Energetika Nazirliyi ölkənin kommersiya neft və benzin ehtiyatlarının növbəti dəfə kəskin azalması barədə hesabat yayımlayıb.
ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, 15 may tarixinə olan son bir həftəlik rəqəmlərə görə, ölkədə kommersiya neft ehtiyatları 7 milyon 864 min barrel azalıb. Eyni dövr ərzində əmtəəlik benzin ehtiyatlarında da 1 milyon 548 min barrel azalma qeydə alınıb.
Ümumilikdə, aprelin 24-dən mayın 15-nə qədər olan dövrdə ABŞ-ın neft ehtiyatları 15 milyon barreldən çox "arıqlayıb". Analitiklər bunu Yaxın Şərq böhranı fonunda ixracın artması və ölkədəki neft emalı zavodlarının yüksək yüklənmə ilə (güclərinin təxminən 92%-i həcmində) işləməsi ilə əlaqələndirirlər. Bundan başqa, ABŞ-ın strateji neft rezervi (SPR) də ciddi şəkildə azalıb və təkcə son bir həftədə 9,9 milyon barrel itirib.
Ekspertlərin fikrincə, Ağ Ev daxili bazarı neftlə təmin etməyə və qiymətləri tənzimləməyə çalışsa da, bu addımlar hələlik istənilən effekti vermir. Hazırda ABŞ-da benzinin orta qiyməti bir qallon üçün 4.555 dollar təşkil edir. Bu növ yanacağın qiyməti cari ilin fevral ayından bəri 49% bahalaşıb. Dizel yanacağı isə daha baha – qallonu 5.65 dollara təklif olunur ki, bu da fevral ayı ilə müqayisədə 54%-lik artım deməkdir.
27 İyul 2026