11:51 - 24.02.2026
24 fevral, Fineko/abc.az. İndiyədək rezidentlər tərəfindən qənaət olunmuş ümumi vəsaitin məbləği 547 milyon manatdan çoxdur.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Seymur Adıgözəlov söyləyib.
Onun sözlərinə görə, 2025-ci il sənaye zonaları üçün beynəlxalq əməkdaşlıq baxımından da əlamətdar olub:
"Belə ki, İZİA ilə China Datang Overseas Investment şirkəti arasında Abşeron yarımadasında “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Səudiyyə Ərəbistanının ACWA Power şirkəti ilə Sumqayıt Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə torpaq sahəsinin icarəsinə dair müqavilə imzalanıb. Eyni zamanda, aqrar-sənaye istiqamətində də mühüm nəticələr əldə olunub. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Yevlax Pilot Aqroparkın açılışı baş tutub. Ümumi ərazisi 2807 hektar olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır.
Aqropark üzrə 35 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən 59,4 milyon manat investisiya yatırılıb, 185 daimi və 593 mövsümi iş yeri yaradılıb. Burada intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub".
Müəllif: Elmir Muradov