14:22 - 12.01.2026
12 yanvar, Fineko/abc.az. ABŞ-ın addımları səbəbindən Venesuela neftinin Çinə ixracının dayandırılması Rusiya şirkətlərinin mövqelərini müvəqqəti olaraq gücləndirə bilər. Bazardan çıxan həcmlər (təxminən gündə 690 min barel) xüsusilə müstəqil neft emalı zavodları üçün Çinə tədarükün artırılması və ağır neft sortlarına tətbiq olunan endirimlərin azalması üçün şərait yaradır.
ABC.AZ xəbər verir ki, analitiklərin fikrincə, qısa müddətli perspektivdə Şərqi Asiyada Rusiya və İran neftinə tələbat arta bilər. Hətta Venesueladan tədarüklər bərpa olunsa belə, onların əsasən ABŞ-a yönəldilməsi ehtimalı böyükdür, bu isə Asiyada Rusiya üçün rəqabəti azaldacaq.
Bununla belə, effekt məhdud ola bilər: OPEC+ kvotaları, logistika problemləri və Çinlə ABŞ arasında mümkün razılaşmalar buna mane olur. Rusiya üçün əlavə risk isə nafta bazarıdır – ABŞ artıq rusiyalı tədarükçüləri sıxışdırmağa başlayıb. Nəticədə, Rusiyanın əldə etdiyi üstünlüklər daha çox taktikidir, uzunmüddətli deyil.