Qarşıdakı illərdə bioyanacağın tətbiqinin genişləndirilməsi nəzərdə tutulur

11:41 - 24.11.2025


24 noyabr, Fineko/abc.az. Ölkənin nəqliyyat sektorunda iqtisadi inkişaf, əhali artımı və avtomobil parkının böyüməsi nəticəsində emissiyaların əhəmiyyətli şəkildə artması müşahidə olunub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Azərbaycanın yenilənmiş "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" (NDC) adlı sənədində qeyd edilib.

Vurğulanıb ki, 2022-ci ildə bu, bütün istixana qazı emissiyalarının 13%-ni təşkil edirdi ki, bunun 92%-i avtomobil nəqliyyatı (əsasən benzin və dizel istifadəsi səbəbindən), 5%-i aviasiya, 2%-i dəniz nəqliyyatı, 1%-i dəmir yollarının payına düşüb.

Bundan əlavə, hesabatda nəqliyyatda enerji keçidinin üç əsas vəzifəsi müəyyən edilib. Buraya nəqliyyat vasitələrinin ümumi yürüşünün azaldılması; effektivliyin artırılması və "təmiz yanacaq növləri"nə keçid hesabına kilometr başına emissiyaların azaldılması; ictimai nəqliyyatın və yeni mobillik həllərinin inkişafı vasitəsilə modal dəyişikliyə nail olmaq daxildir.

"Əsas məqsəd ictimai nəqliyyatın, mikromobilliyin inkişafı və daxili yanma mühərriklərindən tədricən imtina edilməsi yolu ilə şəhər mobilliyinin emissiyalarının azaldılmasıdır. Bunun üçün enerjidoldurma infrastrukturuna və elektromobillərin istifadəsini stimullaşdıran mexanizmlərə əhəmiyyətli investisiyalar tələb olunur. Həmçinin aviasiya və dəniz nəqliyyatı da daxil olmaqla, bioyanacağın tətbiqinin genişləndirilməsi nəzərdə tutulur", - hesabatda bildirilib.