16:50 - 25.09.2025
25 sentyabr, Fineko/abc.az. Naxçıvanda ümumi gücü təxminən 530 meqavat (MVt) olan iki günəş elektrik stansiyası (GES) 2028-ci ilə qədər istismara veriləcək.
ABC.AZ xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova bildirib.
O, "Nobel Energy" şirkəti ilə Naxçıvanda 30 MVt gücündə GES-in tikintisi layihəsinin həyata keçirilməsi və "A-Z Czech Engineering" şirkəti ilə elektrik enerjisinin ixrac məqsədilə istehsalı üçün təxminən 500 MVt gücündə GES-in tikintisi haqqında sazişlərin imzalandığını xatırladıb.
"30 MVt gücündə GES-in bu il, ikinci enerji obyektinin isə 2027-ci ildə istismara verilməsi gözlənilir", - Agentliyin direktor müavini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan üçün növbəti addım 2027-2030-cu illər üçün strategiyanın işlənib hazırlanması olacaq.
"Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyasının "yaşıl artım"la bağlı beş prioritetindən biri bunları əhatə edir: enerji sektorunda, tənzimləyici mühitdə strateji planlaşdırma; bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi; "yaşıl enerji zonaları" və "yaşıl enerji dəhlizləri"nin yaradılması; bərpa olunan enerjinin inteqrasiyası və enerji saxlanc sistemlərinin tətbiqi; enerji təchizatı sistemlərinin təkmilləşdirilməsi; enerji səmərəliliyinin artırılması", - R.Hümbətova əlavə edib. © Report
8 Avqust 2026
8 Avqust 2026