"Italiana Petroli"nin alınması SOCAR-ın beynəlxalq səviyyədə diversifikasiyasında mühüm addımdır - Rövşən Nəcəf

14:56 - 23.09.2025


23 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan "Italiana Petroli" (IP) şirkətinin 99,82 %-lik səhmlərinin "API Holding"dən alınması barədə saziş imzalayıb.

ABC.AZ xəbər verir ki, bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunu genişləndirmək baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın İtaliya ilə iqtisadi və enerji əməkdaşlığının möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcək.

"API Holding" isə detallı seçim prosesindən sonra SOCAR-ın institusional profili və zəngin biznes təcrübəsini nəzərə alaraq IP-dəki bütün payını satmaq qərarına gəlib. Qrup hesab edir ki, etibarlı nüfuza malik beynəlxalq sənaye şirkətinə satış IP-yə idarəetmədə mükəmməllik axtarışını davam etdirməyə, korporativ istedadların dəyərləndirilməsinə, qlobal miqyasda mövqelərin gücləndirilməsinə və Aralıq dənizində strateji mərkəz kimi rolunun möhkəmlənməsinə imkan verəcək.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, "Italiana Petroli"nin alınması Azərbaycan şirkətinin beynəlxalq səviyyədə diversifikasiyasında mühüm addımdır: "Bu, rəqabətədavamlı, innovativ və sosial məsuliyyətli biznesin inkişafına uzunmüddətli sadiqliyimizi göstərir, Avropanın enerji təhlükəsizliyinə töhfə verir və Azərbaycanla İtaliya arasında tərəfdaşlığı daha da gücləndirir".