SOCAR "Italiana Petroli" şirkətinin 99,82 %-lik səhmlərini alır

14:49 - 23.09.2025


23 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan "Italiana Petroli" (IP) şirkətinin 99,82 %-lik səhmlərinin "API Holding"dən alınması barədə saziş imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə  SOCAR-dan məlumat verilib.

Əməliyyat ənənəvi bağlanış şərtləri və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq 2026-cı ilin birinci rübündə başa çatdırılacaq. Qeyd edək ki, sövdələşmə SOCAR-ın 2024-cü ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli "M&A" prosesinin nəticəsidir.

"Italiana Petroli" İtaliyanın ən iri inteqrə olunmuş "downstream" platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təxminən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, həmçinin bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və ölkəni tam əhatə edən logistika şəbəkəsinə sahibdir.

Şirkət peşəkar yerli idarəçi komandası, təhlükəsizlik və səmərəliliyə yönəlik fəaliyyəti ilə tanınır, müştərilər və fəaliyyət göstərdiyi icmalar arasında güclü reputasiya qazanıb. SOCAR IP-nin möhkəm bazar mövqeyini qorumaq və gücləndirmək üçün yerli komanda ilə əməkdaşlığı davam etdirməyi, müştərilərinə və tərəfdaşlarına yüksək keyfiyyətli xidmətlərin davamlı çatdırılmasını təmin etməyi planlaşdırır. Şirkət həmçinin işçi qüvvəsini ixtisar etməyəcək və ətraf mühitə hörmət prinsiplərini İtaliyadakı fəaliyyətinin əsas istiqamətlərindən biri kimi saxlayacaq.