14:16 - 3.09.2025
3 sentyabr, Fineko/abc.az. Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri Vaşinqtonda keçirilən sammitdə uzun müddətdir müzakirə olunan sülh sazişini paraflayıb və Zəngəzur dəhlizinin açılması barədə razılığa gəliblər.
ABC.AZ xəbər verir ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin 42 kilometrlik Ermənistan ərazisinə düşən hissəsinə 99 il ərzində ABŞ (şirkəti) nəzarət edəcək.
Dəhlizin hüquqi rejimi tam məlum deyil, hələlik sazişin detalları açıqlanmayıb.
Amma Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz keçəcəyi bildirilir. Bir müddət əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycana məxsus yük və sərnişin avtomobillərinin Ermənistan ərazisindəki hərəkətinin gömrük nəzarətinə cəlb olunub-olunmayacağı ilə bağlı suala birbaşa cavab verməyib. O, yayımlanmış sənədə və baş nazir Nikol Paşinyanın açıqlamalarına istinad edərək, qarşılıqlı istifadə mexanizmini izah edib.