11:36 - 28.08.2025
28 avqust, Fineko/abc.az. “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc bildirib ki, paytaxtda universitetlərin çoxluğu səbəbindən tələbələrin əsas axını məhz Bakıya yönəlir.
ABC.AZ xəbər verir ki, V.Oruc qeyd edib ki, bu, kirayə mənzil bazarına ciddi təzyiq göstərir:
“Regionlardan Bakıya tələbə axını kirayə seqmentində tələbi artırır, mənzillərin bazarda sayı azalır və nəticədə qiymətlər bahalaşır. Əvvəllər bu proses yalnız mövsümi xarakter daşıyırdısa, indi isə davamlı hal alıb. Mövsümi artım ilboyu bahalaşmanı daha da gücləndirir və bazarda ajiotaj yaradır”.
Ekspertin sözlərinə görə, tələbələrin münasib ev tapmaqda çətinlik çəkməsi, ev sahiblərinin isə bir neçə tələbənin birlikdə mənzil kirayələməsinə isti yanaşmaması vəziyyəti daha da çətinləşdirir:
“Bazarda həm qıtlıq var, həm də qiymət artımı. Bu tendensiya ən azı sentyabrın sonuna qədər davam edəcək”.
V. Oruc qiymətlərlə bağlı konkret rəqəmlər də açıqlayıb. Onun sözlərinə görə, hazırda köhnə tikililərdə kirayə qiymətləri 450-500 manat, yeni tikililərdə 600-650 manat arasında dəyişir. Şəhər kənarında yerləşən fərdi evlərin kirayəsi isə 300-350 manat təşkil edir.
Ekspert əlavə edib ki, ən kəskin bahalaşma metro stansiyalarına və ictimai nəqliyyata yaxın ərazilərdə müşahidə olunur, qəsəbələrdə isə artım nisbətən zəifdir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026