SOCAR və Keniyanın neft-qaz şirkətləri əməkdaşlıq edəcək

14:28 - 22.07.2025


22 iyul, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazovun Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda görüşü keçirilib.

Energetika Nazirliyindən ABC.AZ-a bildirilib ki, görüşdə Qlobal Cənub ölkələri ilə inkişaf edən münasibətlər və Qoşulmama Hərəkatı platforması çərçivəsində Azərbaycan-Keniya əlaqələrinin dinamik xarakter aldığı qeyd edilib.

Görüş zamanı, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Keniya Respublikasının Enerji və Neft Nazirliyi arasında energetika sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bildirilib ki, Anlaşma memorandumu iki ölkənin enerji sektorundakı qarşılıqlı maraq və potensial imkanlarına əsaslanaraq, geniş və çoxşaxəli əməkdaşlıq üçün strateji yol xəritəsini müəyyən edir. Sənəd neft və qaz, o cümlədən LNG, elektrik enerjisi və bərpaolunan enerji sahələrini, həmçinin birgə investisiyaların təşviqi, enerji şəbəkələrinin təkmilləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığı əhatə edir. Memoranduma əsasən potensial istiqamətlər üzrə Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi, həmçinin SOCAR və Keniyanın neft-qaz şirkətləri əməkdaşlıq edəcəklər.

Memorandumdan irəli gələn məsələlərin icrası ilə bağlı Birgə İşçi Qrupun yaradılması nəzərdə tutulur.