“Azəriqaz” yenə sayğacları dəyişir

14:09 - 17.07.2025


17 iyul, Fineko/abc.az. “Azəriqaz” İstehsalat Birliyi və BƏƏ-nin “Esyasoft Holding” LTD şirkəti arasında ağıllı qaz şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb.

SOCAR-dan ABC.AZ-a verilən məlumata görə, layihənin əsas məqsədi qabaqcıl ağıllı qaz idarəetmə sistemi texnologiyalarının tətbiqi sayəsində Azərbaycan ərazisində qazın paylanması sahəsində əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq, habelə “Azəriqaz” İB-nin göstərdiyi xidmətlər üzrə müştəri və vətəndaş məmnunluğunu yüksəltməkdir.

Layihə 2,5 milyon ağıllı sayğacın quraşdırılması və sistemə dəstək mərhələləri nəzərə alınmaqla təxminən 14 illik dövrü əhatə edəcək. Bu dövr ərzində 480 milyon ABŞ dolları sərmayənin yatırılması nəzərdə tutulur. Bu sərmayə yaxın gələcəkdə şəbəkənin rəqəmsallaşdırılmasının, ağıllı təzyiq və temperatur sensorlarının quraşdırılmasının, “Rəqəmsal həllər laboratoriyası”nın (Digital Solutions Lab) yaradılmasının, əməkdaşların qabaqcıl texnologiyalar üzrə təliminin və beynəlxalq təcrübə mübadiləsinin təşkilinin, süni intellektin tətbiqi, məlumatların Hökumət buludunda yerləşdirilməsi ilə informasiya təhlükəsizliyinin təmin olunmasının, eləcə də müasir texnologiyalarla təchiz edilmiş idarəetmə mərkəzinin qurulmasının mümkünlüyünə imkan verəcək.