Bugünədək sahibkarlara güzəştli şərtlərlə verilən kreditin həcmi açıqlanıb

10:15 - 1.10.2024


1 oktyabr, Fineko/abc.az. Cari il oktyabrın 1-dək müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 500 mln. manatdan artıq kredit verilib.

ABC.AZ Fonda istinadla xəbər verir ki, bu kreditin 65 mln. 155 min manatı cari ilin yanvar-sentyabr aylarının payına düşür.

Bugünədək zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6%, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.

Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6 500 yeni iş yerinin yaradılması nəzərdə tutulub.