Ağdam Sənaye Parkına yatırılan investisiyanın məbləği bu qədərdir

11:39 - 20.09.2024


20 sentyabr, Fineko/abc.az. Ağdam Sənaye Parkına ümumilikdə 35 milyon manatdan çox investisiya yatırılıb, 400-dən artıq daimi iş yeri yaradılıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Ağdam Sənaye Parkında açılışında iştirak etdiyi yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək və ixrac coğrafiyasını genişləndirəcək:

“Ötən gün ölkə tarixində ən əlamətdar hadisələrdən birinin şahidi olduq. Dövlət başçısının iştirakı ilə Ağdam Sənaye Parkında altı sənaye müəssisəsinin açılış mərasimi baş tutdu. Sənaye Parkında yeni açılan müəssisələr elektrik paylayıcı avadanlıqların və elektrik yuvaları, dam və fasad örtükləri, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları, divar kağızları, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı ilə məşğul olacaqlar.

Bu altı müəssisənin açılışı ilə ölkənin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı ümumilikdə 79-a çatdırılıb. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək, ən əsası isə Qarabağın dirçəldilməsinə kömək göstərəcək”.