Google bu ölkədə 850 milyon dollarlıq məlumat mərkəzi tikməyi planlaşdırır

15:40 - 30.08.2024


30 avqust, Fineko/abc.az. Google şirkəti Uruqvayda, Kanelones şəhərində 850 milyon dollar dəyərində yeni məlumat mərkəzi tikəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Google Cloud-un Latın Amerikası bölməsinin prezidenti Eduardo Lopez Google Blog portalında yayımlanan materialda bildirib.

Onun sözlərinə görə, Google-un Uruqvay məlumat mərkəzi bu regionda ikinci olacaq. Latın Amerikasındakı ilk mərkəz 2015-ci ildə Çilidə inşa edilmişdir. Bununla əlaqədar Lopez qeyd edib ki, bu mərhələdə Google-un regionda inkişafının əsas məqsədlərindən biri yerli əhali arasında artan tələbat fonunda süni intellekt texnologiyasına əsaslanan xidmətlərin geniş tətbiqi olacaq.

Bu çərçivədə, Google Cloud regional bölməsinin rəhbəri, korporasiyanın Uruqvay universitetləri və tədqiqat mərkəzləri ilə əlaqələri gücləndirmək niyyətini də açıqladı. Belə ki, bu ölkədə şirkət artıq Texnologiya Universiteti və Montevideo Universiteti ilə təlim kurslarına texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edir. Eyni zamanda, dövlət idarələri korporasiyanın Uruqvaydakı əsas tərəfdaşları Milli İnkişaf Agentliyi və Milli Tədqiqat və İnnovasiya Agentliyi oldular.