Türkiyədə Azərbaycan sərmayəli şirkətlərin sayı azalır

14:12 - 28.08.2024


28 avqust, Fineko/abc.az. Türkiyədə fəaliyyətə başlayan Azərbaycan sərmayəli şirkətlərinin sayı azalıb.

ABC.AZ xəbər verir ki, 2023 və 2024-cü illər arasında Türkiyədə Azərbaycan kapitallı şirkətlərin fəaliyyəti və sərmayələri arasında nəzərəçarpan dəyişikliklər baş verib. Bu ilin iyul ayı və keçən ilin iyul ayı üzrə müqayisələr göstərir ki, anonim və məhdud məsuliyyətli şirkətlərin sayı azalıb.

Belə ki, anonim şirkətlərin sayı 2023-cü ilin iyulunda 6 olduğu halda, 2024-cü ildə bu rəqəm 1-ə enib. Eyni zamanda, məhdud məsuliyyətli şirkətlərin sayı 15-dən 12-ə qədər azalıb. Bununla yanaşı, ortaq şirkətlərdəki ümumi sərmayə 2023-cü ilin iyulunda 11,1 milyon TL olduğu halda, 2024-cü ilin iyulunda 7,6 milyon TL-ə qədər enib. Bu, ümumi sərmayədə 32% azalma deməkdir. Ortaq şirkətlərdəki Azərbaycanın sərmayəsi də 8,9 milyon TL-dən 7,3 milyon TL-ə düşərək, 18% azalma nümayiş etdirib.