KOB-ların rəqəmsallaşmasına dəstək məqsədilə “digiMATE” platforması yaradılıb

12:30 - 28.08.2024


28 avqust, Fineko/abc.az. Ölkə miqyasında KOB-ların çoxşaxəli rəqəmsallaşma layihəsi çərçivəsində “digiMATE” platforması istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, platforma İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə əməkdaşlığı nəticəsində reallaşdırılır. “digiMate” platformasına www.digimate.az üzərindən daxil olmaq mümkündür.

“digiMATE” kiçik və orta bizneslərin rəqəmsallaşma bələdçisidir və rəqəmsallaşma səyahəti boyunca onları müşayiət edəcək. “digiMATE” korporativ rəqəmsal transformasiyanın mühüm aspektlərini əhatə edir və iki istiqamətdən ibarətdir: Rəqəmsal Yetkinlik İndeksi (RYİ); RYİ+ (rəqəmsal yetkinliyi orta və yüksək səviyyədə olan KOB-lar üçün nəzərdə tutulmuş qiymətləndirmə sistemi).

Qeyd edək ki, “digiMATE”in RYİ+ istiqaməti müvafiq rəqəmsal xidmət təchizatçılarını KOB-ların rəqəmsal transformasiya ehtiyaclarına görə uyğunlaşdırır və KOB-ların bu xidmətlərdən faydalanmasını mümkün edir. Bu təchizatçılar fərqli sahələr üzrə ixtisaslaşırlar, məsələn, kibertəhlükəsizlik, bulud həlləri, rəqəmsal marketinq, “ERP” sistemləri və digər xidmətlər. KOB-ların dostu - “digiMATE” bununla da hər bir şirkətin rəqəmsal transformasiyasını sürətləndirən yeni real perspektivlər yaradır.