“Microsoft” işçiləri bu qədər maaş alır

15:06 - 27.08.2024


27 avqust, Fineko/abc.az. "Google” ilə birlikdə süni intellekt sahəsində lider şirkətlərdən biri olan “Microsoft”, bu sahəyə etdiyi böyük sərmayələrlə diqqət çəkir.

ABC.AZ xəbər verir ki, şirkət süni intellekt sahəsində ixtisaslaşan işçilərinə çox yüksək maaş verərək diqqət çəkib.

“OpenAI” kimi böyük süni intellekt təşəbbüslərinə milyardlarla dollar sərmayə qoymaqla yanaşı, “Microsoft” bu ilin əvvəlində “Microsoft AI” adlı yeni bir təşkilat qurdu. Bu təşkilat “Microsoft”un süni intellekt sahəsindəki bütün fəaliyyətlərinin beyni kimi yerləşdirilib.

Lakin son vaxtlar bu yeni qurumun işçilərinin digər şöbələrdəki həmkarlarından yüksək maaş alması şirkət daxilində maaş bərabərsizliyi ilə bağlı müzakirələrə səbəb olub. Süni intellekt departamenti bu maaş fərqlərindən təbii ki, məmnun olsa da, digər şöbələrdə çalışanlar vəziyyətdən qətiyyən razı deyillər.

“Microsoft”a yaxın mənbələrdən alınan məlumata görə, “Microsoft”un süni intellekt departamentində çalışanlar ildə orta hesabla 377 min dollar maaş alırlar. Bu rəqəm digər şöbələrlə müqayisədə orta hesabla 120 min dollar çoxdur.