Ağdamda xaricə satışı təşkil ediləcək ayaqqabı istehsal olunacaq

17:27 - 31.05.2024


31 may, Fineko/abc.az. “BAFCO İnvest” MMC tərəfindən Ağdam Sənaye Parkında ayaqqabı fabrikinin tikintisi yekunlaşıb, burada Almaniyadan gətirilmiş avadanlıqlar quraşdırılıb.

ABC.AZ xəbər verir ki, müəssisədə test nümunəsində məhsullar istehsal edilir. Yaxın vaxtlarda istehsal prosesinə başlanması nəzərdə tutulur.

MMC-nin Marketinq və PR üzrə meneceri Aynurə Həsənova bildirib ki, Ağdam Sənaye Parkında 2,5 hektar ərazidə yerləşən müəssisə Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikinti və digər sahələrdə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə 120 iş yeri yaradılacaq.

“BAFCO İnvest”in təklif etdiyi məhsullar müxtəlif sahələrdə işçilərin maksimum təhlükəsizliyini və komfortunu təmin etmək üçün ideal seçimdir.

“Made in Azerbaijan” adı altında istehsal edilən ayaqqabıların daxili bazarla yanaşı, xarici ölkələrə satışı da nəzərdə tutulub. (Azərtac)