14:03 - 29.04.2024
29 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.
ABC.AZ xəbər verir ki, dövlət başçısı Azərbaycan-Çin siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayaraq ikitərəfli münasibətlərdə son vaxtlar böyük canlanmanın baş verdiyini qeyd edib.
Nəqliyyat sahəsində çox fəal birgə işlərin aparıldığını deyən Prezident İlham Əliyev bu baxımdan Transxəzər nəqliyyat dəhlizinin Orta Dəhlizin bir hissəsi olduğunu vurğulayıb. Dövlət başçısı sərmayə qoyuluşu nöqteyi-nəzərindən yaxşı irəliləyişin olduğunu deyib. Belə ki, Çin şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə qoyur. Dövlət başçısı eyni zamanda COP29-un ölkəsində keçirilməsi ilə əlaqədar Azərbaycan-Çin məsləhətləşmələrinin aparıldığını vurğulayıb. Prezident İlham Əliyev humanitar sahədə də gündəliyin kifayət qədər geniş olduğunu bildirib, Yan Vanminin ölkəsinə səfərinin əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.