Hindistanın “IndiGo Airlines” şirkəti Bakıya icazəsiz uçub

14:25 - 1.02.2024


1 fevral, Fineko/abc.az. Hindistanın “IndiGo Airlines” şirkətinin pilotları yanvarın 28-də “6E 1803” saylı Dehli-Bakı reysini yerinə yetirən zaman “Hava Hərəkətinə Nəzarət”dən (ATC) uçuş icazəsi almayıb.

ABC.AZ xəbər verir ki, mövzu ilə bağlı qalmaqal yaranıb və həmin reysin hər iki pilotu hadisənin araşdırılması müddətində vəzifəsindən kənarlaşdırılıb.

Bildirilib ki, ATC Dehli-Bakı reysi yerinə yetirilən zaman gözləməklə bağlı göstəriş versə də, buna əməl edilməyib. Təyyarə uçuş vəziyyətinə gətirilib və icazəsiz yola düşüb.

Hindistanın Mülki Aviasiya Nazirliyinin tabeliyindəki Mülki Aviasiya Baş İdarəsindən (DGCA) bildirilib ki, müvafiq rəsmiləşdirmə olmadan uçuşların yerinə yetirilməsi əməliyyat intizamı protokollara riayət edilməsi ilə bağlı ciddi narahatlıq yaradır.