Sahibkarlıq fəaliyyəti göstərən əcnəbilərə Azərbaycanda yaşamaq icazəsi veriləcək?

10:26 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. Əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq faəliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün yeni tələblər müəyyən edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi ölkə ərazisində müvəqqəti yaşama icazəsi əldə etmək üçün həmin hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı 50 min manat məbləğində müəyyən edilib. Bu əsasla azı 1 il ölkə ərazisində müvəqqəti yaşamış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin yenidən müvəqqəti yaşama icazəsi əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin son 1 ildə dövriyyəsi 100 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün xarici investisiyalı hüquqi şəxsin nizamnamə kapitalı 100 min manat, son 1 ildə dövriyyə həcmi isə 200 min manat məbləğində təsbit edilib.

Bundan başqa, Qərara əsasən Azərbaycan Respublikasında azı 1 il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq əsası ilə müvəqqəti yaşamış əcnəbilərə yeni müvəqqəti yaşama icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin şəxsin (fərdi sahibkarın) son 1 ildə dövriyyə həcmi 50 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün isə son 1 ildə dövriyyə həcmi 100 min manat məbləğində müəyyənləşdirilir.