Bundan sonra Qubadlıda da radio və tv kanalları izləmək olacaq

16:47 - 11.01.2024


11 yanvar, Fineko/abc.az. Qubadlı rayonu ərazisində yerləşən Balasoltanlı Radio-Televiziya Yayım Stansiyası torpaqlar işğal altında olan müddətdə istismara yararsız vəziyyətə düşüb.

ABC.AZ xəbər verir ki, azad olunan ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiyaya elektrik veriliş xətti çəkilib, texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib.

Nəticədə 89.5 MHs tezlikdə Azərbaycan Radiosunun, 96.9 MHs tezlikdə İctimai Radionun və 43-cü televiziya kanalında (650 MHs) 8 televiziya proqramının (AzTV, İctimai TV, İdman Azərbaycan TV, Mədəniyyət TV, CBC Sport, ATV, Xəzər TV, Space TV) Qubadlı, Laçın və Zəngilan rayonlarının digər stansiyaların siqnalları ilə əhatə olunmayan ərazilərində yayımı təmin olunub.