17:18 - 25.12.2023
25 dekabr, Fineko/abc.az. Muxtar respublikada ən aktual sahələrdən biri tikintidir. Bu günə qədər mövcud olan tikintilərin keyfiyyəti qaneedici olmadığına görə müvəqqəti olaraq bu sahədə işlər dayandırılıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Fuad Nəcəfli qeyd edib ki, 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramını təsdiq edib:
"Bu proqram çərçivəsində 2023-cü ilin son 4 ayı ərzində icra olunması nəzərdə tutulan layihələrin hamısı tenderlər vasitəsilə həyata keçirilməyə başlayıb. Layihələrin tətbiqi, əsaslandırılması, layihələndirilməsi, işçi layihələrin hazırlanması üzərində iş gedir. Artıq 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işləri geniş vüsət alacaq və olduqca böyük infrastruktur layihələri icra olunacaq".