Kolumbiya Azərbaycana qəhvə məhsulları ixrac edə bilər

14:23 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. Kolumbiya Azərbaycana qəhvə məhsullarının ixracında maraqlıdır.

ABC.AZ xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Qeyd edilib ki, bu barədə Kolumbiyanın Azərbaycanda yeni təyin olunan səfiri Luis Fernando Kuartas Ayala agentliyin icraçı direktoru Yusif Abdullayev ilə görüşündə deyib. 

Yusif Abdullayev agentliyin fəaliyyət istiqamətləri, o cümlədən “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, eləcə də Azərbaycanın investisiya imkanları və ticarət tərəfdaşları haqqında məlumat verib. Bildirilib ki, AZPROMO müxtəlif yerli və beynəlxalq tədbirlər təşkil etməklə analoji qurumların funksiyalarından kənara çıxır. Bununla yanaşı, AZPROMO-nun Kolumbiyanın turizm sektorunu, investisiyalarını və qeyri-ənənəvi ixracını təşviq edən PROCOLOMBIA qurumu ilə əməkdaşlıq əlaqələri vurğulanıb.

Bu müstəvidə tərəflər arasında məlumat mübadiləsinin aparılması və ölkələrimizdə fəaliyyət göstərən sahibkarların AZPROMO tərəfindən əlaqələndirmə işlərinə dəstəyin göstərilməsinə dair razılıq əldə olunub.