16:17 - 4.12.2023
4 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, deputat Vüqar Bayramov 300 dollarlıq gömrük limitinin dəyişdirilməsini məqsədəuyğun hesab etmədiyini açıqlayıb.
ABC.AZ xəbər verir ki, deputat öz “Facebook” hesabında məsələyə münasibət bildirərək, qeyd edib ki, vətəndaşların aylıq 300 dollaradək sifariş etdikləri məhsullar şəxsi istehlak üçündür.
"Bu baxımdan, o məbləğin azaldılması və ya vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, qlobal olaraq indi elektron sifarişlərin həcmində artımlar var. Yerli sahibkarlarımız da bu çağrışlara hazır olmalıdırlar.
Sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və xalis rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidir Bu baxımdan, vətəndaşlar üçün rüsumsuz aylıq 300 dolların gömrük limitinin dəyişdirilməsinə ehtiyac duyulmur. Sahibkarların rəqabət qabiliyyətini artırmaq üçün digər və daha innovativ mexanizmlərdən istifadə imkanları hər zaman mümkündür” -, V.Bayramov bildirib.
Müəllif: Elmir Murad