Azərbaycan bu ölkələrlə memorondum imzaladı

10:32 - 22.11.2023


22 noyabr, Fineko/abc.az. Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin beşinci iclası keçirilib.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüsta nı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı isə energetika naziri Sebastian Burduja təmsil edib.

Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, 4 ölkənin ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanda bərpa olunan enerji potensialının reallaşdırılması və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafının cari vəziyyətindən bəhs edib.

Nazir bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzərin “yaşıl enerji” potensialını Avropada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerji keçidinə yönəldən bu strateji layihənin icrasını sürətləndirməyin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, təxminən bir il əvvəl ölkələrimiz vahid mövqedən çıxış edərək “yaşıl enerji” dəhlizi təşəbbüsü üzrə sıx əməkdaşlığa hazır olduqlarını Avropa İttifaqının şahidliyi ilə ali səviyyədə təsdiqlədi:

“Bu layihə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısına çevrilmək planlarının tərkib hissədir. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib. “Yaşıl enerji” tərəfdaşlığımızın öz məqsədinə çatması üçün bərpa olunan mənbələrdən enerji istehsalı, bu enerjinin ötürülməsi və satışı istiqamətlərində sıx koordinasiya olunmuş fəaliyyət həyata keçirilməlidir”.