Şərurda yeni “Yaşıl bazar” ticarət kompleksi fəaliyyətə başlayıb

10:47 - 17.11.2023


17 noyabr, Fineko/abc.az. Noyabrın 16-da Şərur şəhərində yeni “Yaşıl bazar” ticarət kompleksi istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kompleksdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 8384 kvadratmetr ərazini əhatə edən kompleksə 132 mağaza, 18 rəfdən ibarət meyvə-tərəvəz satış məntəqəsi, kafe, eləcə də 6 texniki otaq daxildir. Bazarda həmçinin ət, balıq, quşçuluq və süd məhsullarının satışı üçün tam gigiyenik qaydalara cavab verən yerlər ayrılıb. 

Burada 400 nəfərin işlə təmin olunması nəzərdə tutulur. “Yaşıl bazar”da əvvəlki illərdə mülkiyyət hüququ pozulmuş 32 rayon sakininə də ödənişsiz satış yerləri ayrılacaq.

Səlahiyyətli nümayəndə bildirib ki, Şərur ərazisində 100 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə veriləcək. Bu, rayondakı istixanaların da daha səmərəli fəaliyyətini təmin edəcək.