Azərbayanda 10 şirkət yaradan şəxs külli miqdarda vergidən yayındı

12:29 - 14.11.2023


14 noyabr, Fineko/abc.az. Azərbayanda 10 şirkət yaradıb külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınan şəxs – Qasımov Natiq Şərəddin oğlu 7 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, vətəndaş eyni zamanda bir neçə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınaraq müxtəlif müəssisələrin rəhbəri kimi fəaliyyət göstərib.

Belə ki, o, 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Biznes-Qrup” MMC və “Toodor-2017” MMC-nin, 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Texniki Kompleks 2016” MMC və “Alyans Təminat” MMC-nin, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Life LT” MMC və “Lezko-BB” MMC-nin, 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Bizness-Elit” MMC, “İSB Country” MMC və “MTS-2015” MMC-nin, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Kristal LTD” MMC-nin faktiki rəhbəri olub.

N.Qasımovun digər şəxslərlə birgə rəhbərlik etdiyi 10 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1,5 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, onun Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.