16:18 - 3.11.2023
3 noyabr, Fineko/abc.az. “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zaqatala rayonunda yerləşən tütün emalı zavodunda oktyabrın sonundan quru tütünün emalı prosesinə başlanılıb.
ABC.AZ xəbər verir ki, məhsul əsasən İtaliya şirkətlərinə ixrac olunur.
Zaqatala tütün emalı zavodu nəinki Cənubi Qafqazda, ümumiyyətlə, MDB məkanında ən müasir texnologiyalar əsasında qurulan və bənzəri olmayan emal müəssisəsidir. Zavodda ABŞ, İtaliya və Almaniya istehsalı olan ən son texnoloji avadanlıq quraşdırılıb.
“Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyətinin İnvestisiya Proqramına əsasən, müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub, yeni avadanlıqlar quraşdırılıb, tütün qəbulu məntəqələrində və emal zavodunda təmir-tikinti işləri aparılıb, nəqliyyat və texnika alınıb. Müəssisənin yenidən qurulması istehsal olunan tütün məhsullarının keyfiyyətinin artmasına və ixrac imkanlarının genişlənməsinə imkan yaradıb.
18 Avqust 2026