Sərt monetar siyasətin davam etdirilməsi iqtisadiyyatda yavaşlama riskini artırıb

15:42 - 13.10.2023


13 oktyabr, Fineko/abc.az. Cari ilin əvvəlindən qlobal iqtisadiyyatda canlanma müşahidə olunsa da, inkişaf etmiş ölkələr tərəfindən sərt monetar siyasətin davam etdirilməsi iqtisadiyyatda yavaşlama riskini artırıb.

ABC.AZ Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) istinadla xəbər verir ki,  ilin ilk 9 ayında inkişaf etmiş regionların səhm bazarlarında yüksək gəlirlilik qeydə alınsa da (11.6%), iqtisadi yavaşlama gözləntiləri səhm bazarlarına təzyiqi artırıb.

Eyni zamanda, inflyasiya dərəcəsinin aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması və buna töhfə verən əmək bazarının dayanıqlılığı ilkin gözləntilərə nisbətən uçot dərəcələrinin daha uzun müddət yuxarı səviyyələrdə qala biləcəyinə işarə edir.

İstiqraz bazarlarına gəldikdə isə, faiz dərəcələri cari il ərzində də qalxmağa davam edib ki, bu da öz növbəsində istiqraz dəyərlərinə mənfi təsir göstərib.