"Baltika"nın lisenziya müqavilələrinin ləğvi "Carlsberg Azerbaijan"a təsir edə bilər?

17:29 - 4.10.2023


4 oktyabr, Fineko/abc.az. Danimarkanın pivə istehsalçısı "Carlsberg" şirkəti, Rusiyanın "Baltika" pivə istehsalı şirkəti ilə lisenziya müqavilələrini ləğv edib.

ABC.AZ Marja-ya istinadən xəbər verir ki, "Baltika Pivəbişirmə Şirkəti "ASC-yə "Carlsberg" qrupunun bütün məhsullarını, o cümlədən beynəlxalq və regional brendləri istehsal etmək, tanıtmaq və satmaq imkanı verən lisenziya müqavilələrinə xitam verilib.

Bəs bu qərarın "Calsberg Azerbaijan" şirkətinə hansısa təsiri var?

"Carlsberg Azerbaijan" şirkətindən bu barədə sorğuya cavab bildirilib: "Azərbaycanda fəaliyyətimizi "Carlsberg Group"un bir hissəsi kimi fasiləsiz olaraq davam etdiririk, investisiya layihələrimizi tam şəkildə icra edirik və 2024-cü ilə tam qüvvə ilə hazırlaşırıq. "Carlsberg Azerbaijan" güclü yerli və beynəlxalq markalardan ibarət hazırkı portfeli ilə bazarda fəaliyyətini davam etdirir və gələcəkdə istehlakçılar üçün məhsul çeşidini genişləndirməyi planlaşdırır. "Carlsberg Azerbaijan" öz portfelində bütün markaların istehsalı və satışı üzrə əqli mülkiyyət hüquqlarına malikdir".