11:19 - 5.07.2018
5 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev ötən gün ölkənin enerji sistemindəki vəziyyətə həsr olunmuş müşavirədə “Azərenerji” ASC-in prezidenti Etibar Pirverdiyevə qəzəbləndi, sonuncu isə, qəzaların səbəblərini açıqlamaq əvəzinə, dövlət başçısına son 15 ildə energetika sahəsində görülən işlər barədə məlumat verməyə çalışdı.
İlham Əliyev Pirverdiyevə sözünü bitirməyə izn vermədi və yenidən izahat tələb etdi. Pirverdiyev isə cavab verə bilməyib üzr istədi.
“İlk növbədə, Azərbaycan enerji sistemində yaranmış qəza vəziyyəti ilə əlaqədar olaraq çox dərin narahatlığımızı bildirməklə yanaşı, Sizdən və eyni zamanda, respublikamızın enerji istehlakçılarından üzr istəyirəm. Həmçinin İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı vəziyyəti təcili olaraq nəzarətə götürdüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk”, - E.Pirverdiyev belə deyib.
Pirverdiyev qəzanın səbəblərini isti hava şəraiti ilə bağlı enerji təchizatında 40% artımla izah etdiyi zaman İlham Əliyev ona kəskin cavab verərək, söylədi ki, bu, qəzanın səbəbi ola bilməz.
“Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi - bu, yumşaq desək böyük səhvdir. Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən”, - İ.Əliyev belə deyib.
Onun sözlərinə görə, elə bir system yaradılmalıdır ki, bir qəzadan ötrü ölkənin enerji sistemi sıradan çıxmasın.
Dövlət başçısı Yaqub Eyyubova məsələni çox ciddi araşdırmağı, bütün komissiya üzvlərinə fəal işləməli və qısa müddət ərzində həm birinci qəzanın səbəbləri, xüsusilə ikinci qəzanın səbəbləri haqqında məruzə etmələrini tapşırdı.
3 Avqust 2026
1 Avqust 2026