Azərbaycanda 16 şirkəti, 1,6 milyon manat vergi borcu olan şəxs həbs edildi

12:07 - 20.06.2023


20 iyun, Fineko/abc.az. Dövlət Vergi Xidməti külli miqdarda vergini dövlət büdcəsindən yayındıran şəxsi həbs edib. 

ABC.AZ-ın məlumatına görə, Dövlət Vergi Xidməti vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan "çəkindirmə" metodlarından ("naming and shaming") istifadə edilməsinə və bu çərçivədə vergi cinayəti törətmiş şəxslərin işləri barədə məlumatların açıqlanmasına başlayıb.

Vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə vergi orqanlarına sahibkarlıq faəliyyətindən əldə olunmuş gəlirlər və xərclər barədə bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatların daxil edilməsi ilə bağlıdır.

Belə fəaliyyətlə məşğul olaraq xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran şəxslərdən biri Alməmmədov Mehman Allahverdi oğludur. Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu” MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade" MMC, “Klassik Trade Group" MMC, “Artech” MMC, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Firat Ticarət” MMC, “Malibu Finans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S” MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Grand Star” MMC və “Proqress-SV” MMC-lərin faktiki rəhbəri olub.

Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, Mehman Alməmmədovun Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, lakin istintaqdan yayındığı üçün axtarışa verilib və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.